Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

30 oktyabr 2020 | 16:00

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edib. Mürciətdə cənab İlham Əliyev bildirib ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir.
“Biz Vətən torpaqlarını işğalçılardan azad edirik” – deyən cənab Prezident vurğulayıb ki, bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir.
   “Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır” – deyən cənab İlham Əliyev qeyd edib ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında bütün dünyaya və bu, canlı formatda aparılmış diskussiya əsnasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır.
   Xalqa müraciətində Qarabağın tarixi barədə ətraflı məlumat verən dövlət başçısı vurğulayıb ki, erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar.
   Sovet İttifaqının süqutu ərəfəsində isə yalnız Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətdən gedəndən sonra baş qaldıran erməni separatçılar məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin.
“Bizim xalqımızın bəlaları o gündən başladı” - deyən cənab İlham Əliyev müraciətində qeyd etdi ki, ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını salıb aşağı Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür.
   Cənab Prezident müraciətində qeyd edib ki, 1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır. Amma bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədi qalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız.
“Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Yoxdur!” - deyən dövlət başçısı vurğulayıb ki, bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir.
   Atəşkəs rejiminə toxunan cənab İlham Əliyev bildirib ki, ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi. Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17–də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı.
   Müraciətində döyüş meydanındakı vəziyyətə toxunan cənab Prezident diqqətə çatdırıb ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir.
   “Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir” deyən dövlət başçısı qeyd edib ki, bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni, bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq onları, rədd edək bizim torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi. Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar.
   Vasitəçi məsələsinə toxunan cənab İlham Əliyev bildirib ki, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz.
   Müraciətində cənab İlham Əliyev bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyinə münasibət bildirərək qeyd edib ki, onlar da bizim vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır. Azərbaycan xalqı tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm, biz mütləq bu torpaqlara hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla həll edəcəyik. Azərbaycanlılar qayıdır Şuşaya, azərbaycanlılar qayıdır Xankəndiyə. Əvvəllər yaşadığımız bütün başqa yerlərə qayıdır. Erməni əhali üçün şərait yaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar, həm də biz. Mən məsələni belə görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır.
   Xalqa müraciətini cənab İlham Əliyev bu sözlərlə bitirdi:
   Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Barxudar Barxudarov
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru,
filologiya üzrə fəlsəfə doktoru

Keçidlər