Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidlərinin ailələrinə növbəti medallar təqdim olunub.

16 may 2022 | 16:00

Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, növbəti dəfə medallarla təltif ediliblər.
16 may 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasovun, İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədovun, İcra Hakimiyyəti aparatının məsul əməkdaşlarının və şəhidlərin ailə üzvlərinin iştirakı ilə şəhidlərin ailələrinə medalların və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 8 nəfər Şirvan şəhidinin medalları və vəsiqələri ailə üzvlərinə təqdim olunub. Bağırov Süleyman Loğman oğlu, Zülfüqarlı Zeynal Alim oğlu, Hüseynov Nicat Ziyafət oğlu, Mənəfli Əli Əflan oğlu, Məmmədli Cavid Natiq oğlu, Şıxəliyev Elvin Sarvan oğlu “Füzulinin azad olunmasına görə”, Rustamov Ruslan Nüsrət oğlu “Suqovuşanın azad olunmasına görə”, Zülfüqarlı Zeynal Alim oğlu “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, Əliyev Elçin Ramil oğlu “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mətbuat xidməti

Keçidlər