Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı

12 oktyabr 2021 | 16:00

Şirvan şəhəri H.Z.Tağıyev küçəsi 59/1 saylı ünvanda yaşayan Əliyev Elçin Xanlar oğlu 10 oktyabr 2021-ci il tarixdə bəzi internet TV kanalları vasitəsilə yayımlanan müraciətində şəhər İcra Hakimiyyəti başçısı  tərəfindən qəbul edilmədiyini, müraciətinə baxılmadığını bildirir və köməklik göstərilməsini xahiş edir.
    Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti olaraq bildiririk ki, anadangəlmə gözdən əlil Elçin Əliyev müraciəti əsasında karantin rejiminin qaydaları gözlənilməklə dəfələrlə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş, qaldırdığı məsələlərin həlli istiqamətində ona zəruri köməkliklər olunmuşdur.
    Elçin Əliyevin İcra Hakimiyyətinə ünvanladığı müraciəti əsasında onun yaşadığı fərdi evin təmiri üçün zəruri materialların alınmasına Şəhər İcra Hakimiyyəti başçısının 31.05.2020-ci il tarixli Sərəncamı ilə vəsait ayrılmış və bank hesabına köçürülmüşdür. Bundan əlavə Elçin Əliyevin evinə su xətti çəkilmişdir. Həmçinin maddi durumu nəzərə alınaraq ona 16.04.2020-ci il tarixdə ərzaq yardımı, 2020-2021-ci dərs ilinin əvvəlində övladının məktəbli geyimi və dərs ləvazimatı ilə təmin olunması məqsədilə 220 manat, 2020-ci ilin  oktyabr ayında 200 manat birdəfəlik maddi yardım və 19.03.2021-ci il tarixdə isə Heydər Əliyev Fondu tərəfindən özünə,  24.03.2021-ci il tarixdə bacısı oğlu  azyaşlı, anadangəlmə serebral iflic olan Zeynalov Yusif Rəşad oğlunun ailəsinə ərzaq yardımı verilmişdir. Atası Xanlar Əliyev, bacısı Gülbəniz Əliyeva, qardaşı Natiq Əliyev və qardaşının həyat yoldaşı Gülay Eyvazova Kommunal Kombinatı Müəssisəsində işlə təmin olunmuşdur. Lakin Əliyev Elçin bununla kifayətlənməyərək 19.03.2021-ci il tarixdə yenidən İcra Hakimiyyətinə gələrək ona 3000 manat verilməyəcəyi təqdirdə bacısı oğlu ilə birlikdə meydanda özlərini yandıracaqlarını bildirmiş və bu barədə 22 mart 2021-ci il tarixdə Kanal24.az YouTube kanalı vasitəsilə böhtan xarakterli müraciət paylaşmışdır.
    Əldə olunan məlumata əsasən Elçin Əliyev bacısı oğlu  azyaşlı, anadangəlmə serebral iflic olan Zeynalov Yusif Rəşad oğlunun müalicəsi ilə əlaqədar köməklik göstərilməsi barədə Heydər Əliyev Fondu vasitəsilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmiş, Agentlik Zeynalov Yusif Rəşad oğlunun müalicəsi məqsədilə dövlət xəstəxanalarından birinə maliyyə vəsaiti ayırmağa hazır olduğunu bildirmişdir. Lakin Əliyev Elçin Xanlar oğlu bacısı oğlu Zeynalov Yusif Rəşad oğlunun özəl xəstəxanada müalicə alacağını bildirmiş və Agentlikdən 15 min manat pul istəmiş, əks təqdirdə dövlət xəstəxanasında müalicədən imtina etmişdir. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xəstəyə mütəxəssis həkimlər tərəfindən baxılıb, rəy verilməsi barədə Şirvan Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru İlham Mustafayevə müvafiq tapşırıq vermiş və mütəxəssis həkim rəyi alındıqdan sonra xəstədə cərrahi əməliyyatın hansı xəstəxanada aparılacağı barədə qərar qəbul ediləcəyi və müvafiq köməklik göstəriləcəyini bildirmişdir. Xəstənin əməliyyat və müalicə xərclərini qarşılamaq üçün Gülbəniz Əliyevaya 2021-ci ilin may ayında 260 manat, 2021-ci ilin sonuna qədər isə hər aya 100 manat maddi yardım göstərilməsi üçün Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq Sərəncam verilmişdir.
    1-ci qrup gözdən əlil Elçin Əliyevə Şəhər İcra Hakimiyyəti başçısının 22.07.2021-ci il tarixli Sərəncamına əsasən Qurban bayramı münasibətilə 20 manat, 9.09.2021-ci il tarixli Sərəncamına əsasən övladının məktəbli geyimi və dərs ləvazimatı ilə təmin olunması məqsədilə 120 manat maddi köməklik göstərilmişdir.
    Elçin Əliyevin İcra Hakimiyyətinə sıx-sıx gəldiyi və qeyri-adekvat hərəkətlər etdiyini nəzərə alaraq Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən hər ayın birinci həftəsinin birinci günü qəbul ediləcəyi bildirilmiş və bir neçə ay qəbul edilmişdir. Sentyabr ayında qəbula gəlmədiyi, oktyabr ayından etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların qəbulu ilə bağlı karantin qaydalarına dəyişiklik edilmədiyi nəzərə alınaraq Elçin Əliyevə məktub vasitəsilə qəbulların müvəqqəti olaraq dayandırılması haqqında məlumat verilmişdir.
    Bəzi sosial şəbəkə, internet TV kanalarıında bu cür əsassız, qərəzli və böhtan xarakterli müraciətlərin yayılması təəssüf hissi doğurur, cəmiyyətdə dövlət idarələrini və dövlət qulluqçularını nüfuzdan salmağa, onların işgüzar fəaliyyətlərinə xələl gətirməyə xidmət edir. Ona görə də internet və sosial şəbəkə adminlərinə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsini izləməyi tövsiyə edirik.
     Mətbuat xidməti

Keçidlər