Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün “Əsrin müqaviləsi”nin 27 illiyidir və Neftçilər Günüdür.

20 sentyabr 2021 | 16:00

Sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 27 illiyidir və eyni zamanda Neftçilər Günü kimi qeyd olunur.
    1994-cü ilin sentyabrın 20-də Azərbaycanla beynəlxalq şirkətlər arasında “Əsrin müqaviləsi” imzalanıb. Bu, Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın iri neft şirkətləri ilə bağlanmış müqavilə idi. Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.
    Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Müqavilənin qüvvəyə minməsinin Azərbaycanı dünya arenasında aparıcı mövqeyə çıxarıb, bu müqavilə həm də Azərbaycanın enerji təhlükəsizliyinin əsasını qoyub. “Şahdəniz” yatağı üzrə müqavilə “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalanıb. 2017-ci ilin sentyabrın 14-də “Azəri”, “Çıraq” və “Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalanıb. Sazişi BP, SOCAR, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TPAO, “Itochu” və “ONGC Videsh Ltd.” OVL şirkətlərinin rəhbərləri imzalayıblar. Müqavilə ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb.
    Neftçilər Günü ilə “Əsrin müqaviləsi”nin eyni vaxtda qeyd olunması təsadüfi deyil. Mərhum Prezident Heydər Əliyevin 2001-ci il 17 avqust tarixli fərmanı ilə Azərbaycan Respublikasında “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.
   Heydər Əliyev Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək həmin fərmanı imzalayıb. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılıb. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Bu gün Azərbaycan Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rola malikdir. Azərbaycanın liderliyi altında bir çox enerji layihələri gerçəkləşib, Azərbaycan qazının Avropaya çatdırılması üçün əhəmiyyətli addımlar atılıb.

Mətbuat xidməti

Keçidlər