Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində şəhidlərin xatirəsini əks etdirən yeni, müasir tipli monitorun açılışı olub.

26 avqust 2021 | 16:00

26 avqust 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və şəhid ailələri ilə birlikdə Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət edib. Tədbir iştirakçıları 1-ci Qarabağ müharibəsi zamanı itkin düşənlərin xatirəsinə ucaldılmış abidəni və şəhid məzarlarını ziyarət edərək, önünə tər qərənfillər düzüb, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyiblər. Sonra şəhər məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəyə uyğun olaraq hər ayın sonuncu cümə axşamında olduğu kimi Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşüb, onlara belə qəhrəman, cəsur, mərd oğullar böyütdükləri üçün təşəkkürünü və minnətdarlığını bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsində Müzəffər Ordumuzun və Qalib Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi xidmətlərindən danışıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhər icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işin təşkili şöbəsinin yaradılmasının şəhid və qazi ailələrinə dövlət qayğısının təzahürü olduğunu bildirib. Şirvan şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, olunan köməkliklərdən, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən bəhs edib. Şəhid ailələrini narahat edən məsələlərlə tanış olub, həll olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
    İlqar Abbasov  avqustun 26-da Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ad gününün qeyd olunduğunu diqqətə çatdırıb və bu münasibətlə şəhər ictimaiyyəti və şəhid ailələri adından Birinci xanımı təbrik edib. Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, ona cənab Prezidentlə birlikdə ölkəmizin daha da inkişafı və çiçəklənməsu yolunda müvəffəqiyyət, can sağlığı və xoşbəxtlik arzulayıb.
    Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhid ailələrinin və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə şəhərin mərkəzi meydanında Şirvan şəhidlərinin xatirəsini əks etdirən yeni, müasir tipli monitorun açılışı olub. Hər bir şəhidin şəkli və haqqında məlumatın silsilə şəkildə təqdim olunduğu monitor şəhid ailələri və tədbir iştirakçıları tərəfindən razılıqla qarşılanıb. 
    Şəhid ailələri Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərinə, şəhidlərə, şəhid ailələrinə olunan həssas ehtirama, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mətbuat xidməti

Keçidlər