Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Elvin Şıxəliyevin xatirə lövhəsinin açılışı olub.

07 iyun 2021 | 16:00

Müzəffər ordumuzun daha bir qəhrəman əsgəri – şəhid Elvin Şıxəliyevin doğum günü Şirvan şəhərində geniş qeyd edildi. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər  Şöbəsinin, Gənclər və İdman idarəsinin nümayəndələri, şəhidin ailə üzvləri, qohumları, döyüş yoldaşları öncə şəhidin məzarını ziyarət etdilər. Şəhidlər Xiyabanını ziyarət edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Elvin Şıxəliyevin məzarı önündə Ali Baş Komandan cənab İlham Əliyevin, müzəffər ordumuzun vətən müharibəsində göstərdiyi qələbənin təmin edilməsindəki xidmətlərindən, şəhidlərmizin göstərdiyi qəhrəmanlıqlardan danışdı. Elvin Şıxəliyev kimi şəhidlərimizin qəhrəmanlığı sayəsində işğal altında olan torpaqlarımızın qısa müddətdə azad edildiyini vurğuladı. Dövlətimizin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini, bu işin yerlərdə də davam etdirildiyini qeyd etdi. Şəhidin atasına belə övlad böyütdüyü üçün təşəkkürünü bildirdi, səbr dilədi.
   Sonra tədbir iştirakçıları şəhid Elvin Şıxəliyevin əvvəllər yaşadığı məhəllədə xatirə lövhəsinin açılışında iştirak etdilər.
   Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva yüksək amal, məqsəd uğrunda canlarını fəda etmiş  şəhidlərimizin qəhrəmanlıqlardan danışdı. Onların qəhrəmanlıqları sayəsində əldə olunan qələbənin xalqımıza böyük qürur və fəxarət hissi bəxş etdiyini vurğuladı. Şəhidlərə Allahdan rəhmət dilədi.
   Şəhidin komandiri olmuş Vurğun Dadaşov Elvinin cəsurluğundan, Cəbrayıl istiqamətində gedən döyüşlərdə göstərdiyi şücaətdən qürurla bəhs etdi. “Biz elə bir yüksək ərazidə döyüşürdük ki, təyyarə döyüşləri də bizdən aşağıda gedirdi. O, çətin şəraitdə zirvədə qartal kimi döyüşüb şəhadətə ucaldı”.
   Şəhidimizin döyüş yoldaşı Ellər Fərəcov döyüş xatirələrini paylaşaraq hər kəsi kövrəltdi. Bütün əsgərlərimiz kimi Elvinin də daim qələbə haqqında düşündüyünü, hər an ordumuzun zəfər çalmasına xidmət etdiyini qeyd etdi.
Sonra Aynur Fərzəliyeva  şəhidin atası Sarvan Şıxəliyevlə birgə xatirə lövhəsini açdılar. Şəhər İcra Hakimiyyəti aparatı adından şəhidin valideyninə xatirə hədiyyəsi təqdim  olundu.
   Qeyd edək ki, Şıxəliyev Elvin Sarvan oğlu 06 iyun 1995-ci ildə Şirvan şəhərində anadan olub. 2012-ci ildə Mübariz İsrafilov adına 18 saylı Təbiət Humanitar Təmayüllü məktəb liseyi bitirib. 2013-cü ildə Şirvan şəhər səfərbərlik xidmətinin çağırışı ilə həqiqi hərbi xidmətə yollanıb.  Xidməti zamanı göstərdiyi şücaətə görə 4 dəfə tərifnamə ilə təltif olunub. Manqa komandiri kursunu bitirib, kiçik çavuş rütbəsinə layiq görülüb. 2015-ci ildə hərbi xidmətini başa vurub. Vətənin darda olduğu bir dönəmdə hələ Tovuz hadisələri  zamanı Elvin rahatlıq tapa bilməyib,könüllü əsgər kimi qeydiyyata düşüb. Ali Baş Komandanın tapşırığına əsasən qismən səfərbərlik elan olunandan sonra sentyabr ayının 29-da könüllü olaraq vətənin müdafiəsi uğrunda döyüşə yollanıb. Müharibənin gedişində döyüşə hazırlığı və bacarığı nəzərə alınaraq tağım komandiri vəzifəsinə təyin olunub, Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 14 oktyabr 2020-ci ildə Cəbrayıl-Hadrut istiqamətində “Purlan” zirvəsinin alınması uğrunda gedən döyüşdə qəhrəmancasına şəhadətə yüksəlib.
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş Elvin Şıxəliyevin vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyini nəzərə alaraq  ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
  Azərbaycan xalqı, o cümlədən Şirvan şəhər ictimaiyyəti hər zaman şəhidlərini qürurla anır və onlara rəhmət diləyir
  Tədbirin sonunda şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əlıiyevə və Birinci-Vitse Prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
  Allah rəhmət eləsin!
  Şəhidlər ölməz, Vətən bölünməz!


   Mətbuat xidməti

Keçidlər