Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Ramil Əliyevin xatirə lövhəsinin açılışı olub.

05 iyun 2021 | 16:00

Şirvan şəhərinin qəhrəman oğlu, Vətən müharibəsinin şəhidi Ramil Vüqarəddin oğlu Əliyevin yaşadığı binanın həyətində xatirə lövhəsinin açılışı olub.
   Öncə Şirvan Şəhər İcra Hakmiyyətinin, şəhər Bələdiyyəsinin, Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin, Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin, Gənclər və İdman İdarəsinin, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, dostları Ramil Əliyevin Şəhidlər Xiyabanında uyuduğu məzarını ziyarət etdilər. Məzarı önünə gül dəstələri düzüldü, ruhuna dualar oxundu. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləndi.
  Sonra tədbir iştirkaçıları Ramil Əliyevin xatirə lövhəsinin açılışında iştirak etdilər. Öncə Dövlət himni səsləndirildi. Açılışda çıxış edənlər Ramil Əliyevin şərəfli həyat yolundan danışaraq onunla bağlı əziz xatirələrini bölüşdülər. Qeyd olundu ki, şəhid Ramil Əliyev Şirvan şəhəri Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, Bakı şəhəri N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət etmiş, snayper, minamiyotçu olmuşdur. İslam dininə, Allahın birliyinə və böyüklüyünə inanan Ramil inancını həyat tərzinə çevirmişdi. Dəfələrlə Kərbəla və Məşəd şəhərlərinə ziyarət etmiş, bir müddət Şirvan şəhərini təmsil edən zəvvarlara rəhbərlik etmişdir. 2020-ci ilin iyul ayında cəbhənin Tovuz istiqamətində erməni hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində general Polad Həşimov başda olmaqla Azərbaycan Ordusunun bir qrup hərbiçisinin şəhid olması xəbərindən hər kəs kimi Ramil də hiddətlənmiş, könüllü olaraq orduya yazılmışdır. Sentyabrın 29-da Vətəni qorumaq, şəhidlərin qisasını almaq arzusuyla Ramil də cəbhəyə yola düşmüşdü. Düşməni xeyli sayda itkilərə məruz qoysa da sonuncu mühasirədən çıxa bilməmişdir. 24 yaşında şəhidlik zirvəsinə yüksələn Ramil Vüqarəddin oğlu Əliyev noyabrın 5-də Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunmuşdur. Döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə dövlət başçısı tərəfindən "Vətən uğrunda”,  "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”  medallarına layiq görülmüşdür.
   Tədbir iştirakçıları  ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsinin daima yaddaşlarda qalacağını vurğuladılar. Qeyd olundu ki, məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal altında olan torpaqlarımız bu gün azad olunmuşdur. Diqqətə çatdırıldı ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. 
   Sonra Ramil Əliyevin vaxtilə təhsil aldığı 9 nömrəli tam orta məktəbin şagirdləri Vətənə, torpağa, şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.
   Tədbirin sonunda Ramilin anası Xuraman xanım və bacısı Gülşən xanım xatirə lövhəsini açdılar. Tədbir iştirakçıları xatirə lövhəsinin qarşısına tər qərənfillər düzdülər.

   Mətbuat xidməti

Keçidlər