Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan və Türkmənistanın birgə istifadəsində olacaq yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun və qardaşlığın bariz nümunəsidir.

27 yanvar 2021 | 16:00

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Azərbaycan və Türkmənistan tərəflərinin bu yatağı “Dostluq” adlandırmaq barədə ümumi qərarı dərin rəmzi məna daşıyır. Bu sənədin imzalanması enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Azərbaycanın və Türkmənistanın enerji sahəsində zəngin potensialının birgə üzə çıxarılmasına, Xəzər dənizi regionunda energetikanın davamlı inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəldilib. 2018-ci ilin avqust ayında beş sahilyanı dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması çoxtərəfli birgə işin nəticəsi oldu. Bu Konvensiya enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. 2019-cu ildə Türkmənbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedişində Azərbaycan və Türkmənistan çox məzmunlu və faydalı danışıqlar apararaq bir sıra mühüm razılaşmalar əldə etdilər. 2020-ci ilin mart ayında Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı dövlətimizin başçısı ilə birlikdə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanları ətraflı müzakirə və təhlil olundu. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birinin birgə işlənməsi barədə razılaşma əldə edildi. Beləliklə, hazırkı Anlaşma Memorandumunun imzalanması iki ölkənin energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələdir. Çünki indi möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır. Həm Azərbaycanın, həm də Türkmənistanın milli iqtisadiyyatının dinamik inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəldilməsinə yeni təkan verilir.
   Ümumiyyətlə, son illər ölkələrimiz arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir. Ali səviyyədə qarşılıqlı səfərlərin xronologiyası da bunu təsdiqləyir. Belə ki, son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyək ki, qarşılıqlı münasibətlərin bütün tarixi ərzində imzalanan sənədlərin sayı 100-dən çoxdur. Yəni onların yarısı son 3 ilin payına düşür. Ən önəmlisi də odur ki, bütün bu sənədlərdə nəzərdə tutulanlar, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə edilən razılaşmalar müvəffəqiyyətlə yerinə yetirilir.
   Videokonfrans formatında keçirilən görüşdə Prezident İlham Əliyev Azərbaycanın və Türkmənistanın ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başladıqlarını vurğulayaraq demişdir: “Bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək... Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.
   Hər iki ölkənin həyatında əlamətdar olan bu tarixi hadisə, qeyd edildiyi kimi, dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsinə istiqamətlənib. İmzalanan sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni səhifə açır. Bunun üçün zəruri olan bütün şərtlər mövcuddur, yəni həm siyasi iradə, həm yüksək səviyyəli texniki və texnoloji təchizat, peşəkar kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni isə Azərbaycan və türkmən xalqlarının çoxəsrlik möhkəm qardaşlıq telləridir ki, bu da iki dövlət başçısının videokonfrans formatında keçirilən görüşündə bir daha vurğulanmışdır. Azərbaycan və Türkmənistan Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasında xüsusi səylər göstərir və töhfələr verirlər.

Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov

Keçidlər