Şriftin ölçüsü :

Saytın rəngi :

Şovinizmi və separatizmi davamlı dövlət siyasətinə çevirən rejim ifşa olunmalıdır.

23 sentyabr 2020 | 16:00

Çar Rusiyasının mürtəce siyasətinin davamı olaraq SSRİ dövründə də Azərbaycanın ərazi bütövlüyunə qarşı aparılan məkrli siyasət davam etmişdir. Bu siyasəti reallaşdırmaq ücün Sovet İttifaqının milli münasibətlər zəminində yaratdığı və miras qoyduğu ərazi münaqişələri müxtəlif xarakterə, fərqli törədilmə konturlara malikdir. Tarixi fakt bir həqiqəti özündə ehtiva edir ki, Heydər Əliyev kimi cəsur, milli təəsübkeş və çevik siyasi bacarığa malik azərbaycanlının sovet rəhbərliyində mühüm mövqeyə sahib olması ermənilərin və onların havadarlarının uzun illər bu separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldığı andan tarixi-əzəli Azərbaycan torpağı- Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddialar ortaya atıldı. Sovet İttifaqının apardığı yarıtmaz millətlərarası siyasət XX əsrin 80-ci illərinin sonunda rejimin iç üzünü açıb göstərdi və həlli dalana dirənmiş münaqişələri qarşısı alınmaz bir prosesə çevirdi. Aparılan səhv və qərəzli siyasət rejimin sona çatmasını labüd etməklə göstərdi ki, bir sıra xalqlar kimi Azərbaycana qarşı da böyük ədalətsizliklər edilib. Dağıdıcı, terrorçu qüvvələrin əlində vasitəyə çevrilmiş Qorbaçov ermənilərdən ibarət yaxın ətrafı ilə birlikdə bəşəri cinayətlərin səbəbkarı kimi Azərbaycan xalqına nifrət yolu tutmuş və xalqımızın məhv edilməsi yolunda qanlı mübarizə yolu seçmişlər. Həmin məqsədlə Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi əzəli torpağımız Qarabağın Azərbaycandan ayrlmasına yönəlmiş plan idi. Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. Volskinin bu fəaliyyəti müqabilində erməni lobbisi tərəfindən “mükafatlandırıldığı”, onun sonradan Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etməsi heç də təsadufi deyildir. Təəssüflər olsun ki, gedən proseslərə heç bir yanaşması olmayan və səriştəsiz o zamanki Azərbaycanın rəhbərliyinın xalqa xəyanəti dövlətçiliyimizi və xalqımızın taleyini sual altina almışdır. İdarəetmənin belə yarıtmazlığı nəticəsində xəyanətkar Sovet İttifaqının 366-cı alayı azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə başlamış, Xocalı soyqırımını həyata keçirmiş, torpaqlarımızın böyük bir hissəsinin işğal olunmasına nail olmuşlar.                               .
   Regionda gedən siyasi gəlişmlər eyni ssenarinin davamlı olaraq aparılması cəhdlərini göstərir. Ermənistan adlı qurama bir dövlətin bu günkü rəhbərliyi həmin siyasətlə nəinki Azərbaycanın təhlükəsizliyinə təhdidlər yaradır hətta bütün regionda böyük bir cinayətkar rejimin fəaliyyəti ücün avanqard rolunda çıxış edir. Mütəmadi olaraq Ermənistanda baş verən dövlət çevrilişləri Koçaryan-Sarkisyan xuntasının hakimiyyətinin cinayətlər və terrorlar üzərində qurulduğunu göstərir. Öz daxili siyasətində iflasa uğramış Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla siqnallar göndərmiş, yalvarmış, vaxt istəmiş, hətta Düşənbədə görüşü zamanı Azərbaycan Prezidentindən danışıqlara dair vaxt verilməsini birbaşa xahiş etmişdir. Yəni Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq , danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.
   Siyasi əxlaqdan kənar olan Ermənistan hakimiyyətinin rəsmiləri bu ilin iyul ayında törətdikləri təxribatda da oz məğlubiyyətini qələbə kimi qələmə verməyə çalışdı. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqlədi və Ermənistan kömək ücün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi. Təbii ki, bunun həmişə olduğu kimi bir izahi var. Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaq, özlərindən məzlum, yazıq xalq imici düzəltmək, özünün həyat tərzinə çevrilmiş ağlaşma qurmaq və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Deməli müstəqillik Ermənistanda formal xarakter daşıyır və Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi isə Sorosdur. Açıq görünür ki, Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Burada ikili standartların aparıldığı və Azərbaycana onun haqq işinə olan qərəzli münasibətlər deyilənlərə aydınlıq gətirir. Odur ki, Ermənistanın apardığı avanturist siyasət bunlarla izah olunmalıdır.
-Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.
-Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.
-Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər.
- Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir.
- Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi açıq təxribatdır.
- İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub.
-İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Bununla da məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev gedən proseslərin şərhini verərkən qeyd etdi ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir. Milli problemlərin xalqımızın taleyi ücün əhəmiyyəti nəzərə alınaraq Prezident demişdir:
   “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırki vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.
   Siyasi həyasızlıq yolu tutmuş Ermənistanın və onların havadarlarının işğalçı qüvvələrinin təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi bilavasitə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır.
   Prezident İlham Əliyev bölgədəki real vəziyyəti qiymətləndirərək demişdir: “Ermənistan təcavüzkar dövlətdir. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Ermənistan bizim üçün daim təhlükə mənbəyidir”. Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq. Beləliklə, bir tarixi məqam olaraq bütün xalqımız bilməlidir ki, Azərbaycan bölgənin geosiyasi mövqeyi, diplomatiya, demoqrafik reallıqlar, iqtisadiyyat, ekologiya, sosial rifah haqqında çağdaş və tarixi aspektdən olduqca aydın və geniş vizion sahibinə çevrilmişdir. Azərbaycan dövlətinin haqq işi yenilməzdir və bölgənin sabitliyi və inkişafı üçün strategi siyasətin əsas hərəkətverici qüvvəsidir.

Aynur Fərzəliyeva,

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru

Keçidlər