Şriftin ölçüsü :

Saytın rəngi :

Laçının işğalından 28 il ötür

18 may 2020 | 16:00

Ermənistan Respublikasının ölkəmizə qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.
   Dünya əhəmiyyətli  54, yerli əhəmiyyətli 200-dən çox tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.
   Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirib. Rayonun təbii resurslarını talan edib.Suriyadan olan erməni əsilli qaçqınları orada məskunlaşdırmaqla qeyri-qanuni əməllərini davam etdirir.
   Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək, onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, xüsusən Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etməklə əsl niyyətinin hərbi təcavüz yolu ilə ərazi əldə etmək olduğunu ortaya qoyur.
   Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853 , 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə yönəlmiş siyasət yürüdür.
   Beynəlxalq hüququn  normalarına və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan tərəfindən Azərbaycana qarşı qeyri-qanuni gücdən istifadə nəticəsində, işğal olunmuş ərazilərindən 700 mindən artıq yerli azərbaycanlıların zorla qovulması, onların fundamental hüquq və azadlıqlarının kütləvi pozulması müqabilində Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sayı 90 mindən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.
   Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.
   Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu, işğal altında olan torpaqlarmızı sülh yolu ilə azad etmək siyasətini ardıcıl davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin məsələ ilə bağlı atdığı qətiyətli addımlar, həyata keçirdiyi tədbirlər bunu bir daha təsdiq edir. Məcburi köçkünlərə, o cümlədən laçınlılara dövlət səviyəsində daim diqqət və qayğı göstərilir. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın humanizmə, mərhəmət və nəcibliyə söykənən hərtərəfli fəaliyyəti sayəsində məcburi köckunlərin, o cümlədən Laçınlıların da qayğıları və sosial problemləri ardıcıl həll edilir.
   Həyata keçirilən bu siyasət yerlərdə  də davam etdirilir. Şirvan şəhər İcra Hakimiyyəti də şəhərdə məskunlaşan digər məcburi köçkünlərlə yanaşı Laçından olan 40 ailəni də diqqət və qayğı ilə əhatə edir. Azərbaycan Respubliklasının Prezidenti cənab İlham Əliyevin tapşırığı nəticəsində Şirvan şəhərində yeni salınan məktəb, uşaq bağçası və digər sosial infirasturukturla təmin edilmiş hərcür şəraiti olan şəhərcikdə onlara mənzillər verilib.
   Laçınlılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan  Respublikasının Prezidenti cənab ilham Əliyevə və Birinci-vitse prezident Mehiriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirirlər.

 

Keçidlər